28. 02. 2008
Press-reliz

                                                                                 Azərbaycan İnternet Forumunun

Məlumatı 

Azərbaycan İnternet Forumunun  geniş  toplantısı keçirilib.

Toplantıda  Azərbaycan İnternetinin keyfiyyətinin yaxşılaşdırılması və qiymətlərin endirilməsi yolları  haqqında  və Milli internet ünvanların ( domenlərin)  qeydiyyatının tənzimlənməsi haqqında məsələlər müzakirə edilib.
Toplantıda müxtəlif ölkələrdə internet  xidmətlərinin qiymətləri ilə bağlı müqayisəli nəticələr təqdim edilib. Son dövrlərdə müxtəlif kompaniyalar şəklində qiymətlərin endirilməsi müşahidə edilsə də  ümumən qiymətlərin kifayət  qədər yüksək olduğu  və bunun da hazırda internetin inkişafına mənfi təsir göstərən əsas amillərdən olduğu vurğulanıb. Azərbaycanın indiki inkişaf  səviyyəsinə uyğun gəlməyən bu tendensiyaya  son qoyulmasının  vacibliyi  vurğulanıb.  Müzakirələrdə ölkənin qlobal şəbəkəyə bağlantı  sürətinin artdığı, ölkənin internet trafikinin əsas hissəsinə nəzarət edən Delta Telekom (keçmiş AzerSat) ilə Provayderlər  arasında bağlantı kanallarının qiymətlərində son  dövrlərdə  xeyli enmələr olduğu qeyd edilib.

Bununla  belə istifadəçilər üçün qiymətlərin hələ də yüksək olmasının səbəbləri ətrafında  ciddi müzakirələr aparılıb. Özəl Provayderlərin xərclərinin xeyli yüksək olması, bu xərclərin xeyli hissəsinin ATS-lərdə quraşdırılan avadanlıqlar üçün icarə  xərcləri təşkil etdiyi qeyd olunub. Həmçinin özəl provayderlər tərəfindən rabitə müəssisələrinə müxtəlif ödəmələrin edildiyi, bu tariflərin yüksək olması , uzun müddətdən bəri  bu tariflərin dəyişilmədiyi, eyni  zamanda qeyri-qanuni ödəmələrin də edildiyi  vurğulanıb. Özəl Provayderlər tərəfindən hər bir  müştəriyə görə rabitə müəssisələrinə qanunvericilikdə nəzərdə tutulmayan haqq verildiyi vurğulanıb. Bir sıra hallarda özəl Provayderlərin xidmətlərindən istifadə edilməsə müəyyən əngəllər yaradıldığı  bildirilib.

Dövlət  Provayderi tərəfindən qiymət  endirimlərinin daha sürətlə aparıldığı bildirilsədə, eyni  zamanda bu  cür tendensiyanın haqsız rəqabət mühiti yaratdığı və sonda  daha ağır nəticələr  verə biləcəyi  də qeyd olunub. Bütövlükdə ölkə üzrə bu  sektorda  liberallaşmanın  zəif  getməsinin AzNet-in inkişafına  ciddi əngəllər  törətdiyi bildirilib.

İnternetin populyarlaşması, Provayderlər tərəfindən reklam və marketinq  işlərin daha səmərəli qurulması istiqamətində təkliflər irəli sürülüb.
Bununla  bağlı  müzakirələrin yekununda Azərbaycan İnternetində qiymətlərin endirilməsi və keyfiyyətin yaxşılaşdırılması istiqamətində Təkliflərin hazırlanması və qısa müddətdə hökumətə təqdim edilməsi məqsədəuyğun hesab olunub.

Toplantıda milli  internet ünvanların(.az domeninin) qeydiyyatının tənzimlənməsi istiqamətində də müzakirələr  aparılıb.  Hazırda mövcud  Qeydiyyat prosesinin beynəlxalq normalara və ölkə qanunvericiliyinə cavab vermədiyi bildirilib. Telekommunikasiya  haqında Qanuna uyğun olaraq İnternet  ictimaiyyətinin maraqlarına  cavab verən Qeydiyyat qurumunun indiyədək formalaşmaması,  ümumi maraqlara cavab verən Qeydiyyat Qaydalarının olmaması mənfi hal kimi qeyd olunub. Qeydiyyat prosesində şəffaflığın yetərincə olmaması, OnLine  qeydiyyat prosesinin yaradılmadığı vurğulanıb.Az  domeninin Qeydiyyat  prosesinin legitimləşdirilməsi üçün RİTN-lə birgə qanunvericilikdə nəzərdə tutulan addımların atılmasının vacibliyi  qeyd olunub. Qanunvericiliyə uyğun Qeydiyyat Qurumu  formalaşanadək konkret işlərin görülməsi üçün əlaqədar qurumların iştirakı ilə İşçi Qrupunun formalaşdırılması zəruri hesab edilib.

AİF-in toplantısında növbəti ayda "Uşaqların Internetdə  təhlükəsizliyi : real vəziyyət  və perspektivlər" movzusunda  Dəyirmi Masanın keçirilməsi məqsədəuyğun hesab olunub.

                                                                                                 

AİF
Tel :    492-44-44
Veb:   www.cit.az
Email: info@cit.az