24.02.2009

Azərbaycan İnternet Forumunun

açıqlaması

 

AİF bildirir ki, ölkənin İnternet  bazarında 01  fevral  2009-cu il tarixdə həyata  keçirilən qiymət endirimindən sonrakı vəziyyətin Monitorinqinin birinci mərhələsi  artıq  başa  çatıb.

     
   Məlum olduğu kimi endirimdən  öncə AİF tərəfindən RİTN-nə ölkənin İnternet  bazarında  dözülməz    vəziyyətin  yaranması,  qiymətlərin  qonşu ölkələrlə müqayisədə 20-30  dəfə  baha olması və buna  görə   də ölkənin internet məkanında  köklü dəyişikliklər  edilməsi, dövlət Provayderlərinə təsir edərək    qiymətlərin endirilməsi təklifi irəli sürülmüşdür.


AİF aparılan Monitorinqin nəticələrinə əsasən qiymət  endirimindən sonra müəyyən müsbət irəliləyişlərin olduğunu bildirir. İnternet istifadəçilərinin sayının hiss  olunacaq  dərəcədə artması, Dial-up metodu ilə internetdən istifadə edənlərin yüksək sürətli internetə meyl etdikləri müşahidə olunur. Bir sıra  Provayderlərdə infrastrukturun yenidən qurulması və keyfiyyətin artırılmasına  daha çox diqqət  yetirilməsi nəzərə  çarpır.


AİF eyni zamanda bildirir ki, endirimdən sonra bütövlükdə ölkənin İnternet  seqmentində  İnternetdən istifadə  üçün normal, münbit və istifadəçilər  üçün sərfəli durumun yaranmasını demək mümkün deyil.

Belə ki,  aparılan  Monitorinqin nəticələri göstərir ki, əksər Provayderlərdə  endirimdən əvvəlki qiymətə  uyğun olan  sürətin 2  dəfə artırıldığı elan edilsədə, əslində  real olaraq  əldə olunan sürət xeyli aşağıdır. Konkret Provayderlər  üzrə təklif olunan internet sürətlərini real olaraq online  formada ölçməyə imkan  verən vasitələr  bu  sürətlərin kəskin dərəcədə aşağı olduğunu  göstərir. Xüsusən Bakı ətrafında və Sumqayıt şəhərində internetin keyfiyyətinin hədsiz dərəcədə pis olması qeydə alınıb.


Monitorinqin nəticələri  həm də onu göstərib ki,  əksər Provayderlər aşağı sürətlər ( 64, 128 kbit/s ) üzrə təklifi dayandırıblar. Bununla  bağlı  müxtəlif  səbəblər  irəli  sürülsə də AİF  bəyan edir ki, əsas  səbəb  məhdud texniki-texnoloji imkana  malik olan  Provayderlərə bu sürətlər üzrə təklifin sərf etməməsidir. Uzun müddət  investisiya yatırımına diqqət  yetirməyən Provasyderlərin  mövcud  resursları  yalnız məhdud sayda istifadəçilərə  xidmət  etməyə imkan  verir ki, bu halda da daha çox  gəlirə imkan verən  yüksək sürətlərə üstünlük verilir. Bir sıra Provayderlər dövlət və özəl ATS –lərin resurslarından istifadədə hələ də məhdudiyyətlərin və maneçiliklərin olduğunu  bildirirlər. Monitorinq həmçinin regionlarda özəl provayderlərin fəaliyyətinin stimullaşdırılmasına yönələn Rabitə və İT nazirinin müvafiq əmrinin ümumiyyətlə icra edilmədiyini göstərib.

   Monitorinqin nəticəsi həm də onu göstərib ki,  hazırda  ölkədə yüksəksürətli internet istifadəçilərin    sayının artmasının qarşısını alan əsas amil ADSL modemin bir  qədər  baha olması və  aylıq ödənişin   mövcudluğudur.

   Bunu nəzərə alaraq  AİF Provayderlərə modemlərin pulsuz verilməsinə və aylıq ödənişsiz – yalnız   aldığı trafikin həcminə uyğun, qoşulma haqqı olmayan xidmətlərin kompaniyasını  aparmağı   tövsiyə  edir.     

AİF eyni zamanda bildirir ki, araşdırmalar  qonşu ölkələrdəki orta internet qiymətləri ilə müqayisədə, hələlik ölkədəki  qiymətlərin təxminən  8 - 10  dəfə baha olduğunu göstərir. (Müqayisəli  qiymətlər əlavə olunub)

AİF eyni  zamanda RİTN və Tarif  Şurasından, Delta Telekom-dan  tariflərin endirilməsi məsələsini diqqətdə saxlamağı, qiymətlərin qonşu ölkələrlə eyni vəziyyətə gətirilməsi, yeni internet texnologiyaların (Wi-Max, Kabel TV və s) tətbiqi  istiqamətində addımlar atmağa  çağırır. AİF eyni zamanda hazırda xaricdə olan milli informasiya  resurslarının  ölkə daxilində yerləşdirilməsinin  və ölkədə Data Mərkəzin yaradılmasının qiymət  endiriminə müsbət  təsir  edəcəyini  bildirir.

AİF  bildirir ki, hazırda internet  xidmətlərinin qiymətləri və keyfiyyəti ilə  bağlı Monitorinq  davam etdirilir.

 

AİF

492-44-44

info@cit.az