19.02.2009
Mətbuat  üçün

Azərbaycan İnternet Forumunun
açıqlaması

 

AIF təəssüflə bildirir ki, dünən  axşamdan  etibarən ölkənin ən tanınmış  internet resursu olan  rusdilli  Day.az  və onun  ingilis dilli  versiyası today.az informasiya  resurslarının  fəaliyyəti  dayandırılıb.

Day.az –ın təmsilçilərinə istinadən bu gün saat 16-dək İnternet  vasitəsilə    saytın  bağlanması ilə  bağlı  səbəblərin araşdırılması  haqqında  məlumatlar yayılıb.

Saat 16-dan  etibarən  həmin mənbələrə istinadən ümumiyyətlə

bu Layihənin bağlandığı  bildirilib.

AİF  eyni  zamanda  elan  edir  ki,  bu  gündən etibarən   Azərbaycan İnternet məkanının əsas  milli domen  bazasından ( Whois.az-dan) day.az  domeninin məlumatları  silinib.

Hazırda sanki  bu  milli internet  ünvanının   heç  kimə mənsub olmamağı haqqına  whois.az   resursunda məlumat  yerləşdirilib.

AIF-ə daxil olan məlumata görə  Day.az  resursunun   qapadılması  və  milli internet  ünvanının – day.az domeninin  fəaliyyətinin dayandırılması  haqqında  heç  bir  məhkəmə qərarı olmayıb.

Whois.az  milli  domen məlumat  sisteminin və az  domeninin hazırda inzibatçılığını həyata keçirən məsul  şəxslər  AIF-ə  bununla  bağlı  açıqlama  vermək istəmədiklərini  bildiriblər.

Day.az   resursunun  sahiblərinin baş  vermiş  hadisə ilə  bağlı  açıqlamalar  vermək istəmədiklərinə  baxmayaraq AİF  hər  bir  halda   məhkəmənin  qərarı olmadan  hər  hansı İnformasiya  resursunun  qapadılmasını qətiyyətlə pisləyir və bunu yolverilməz  hesab  edir.

AİF bildirir ki, İnternet  KİV subyekti olaraq  özünü təsdiq  edən, regionda ən populyar  resurs olan Day.az-ın  qapadılması beynəlxalq  hüquq normalarının ,  Azərbaycan Respublikasının Konstitusiyasının 50-ci maddəsinin,  KİV haqqında  Qanunun 19-cu maddəsinin tələblərinin kobudcasına  pozulmasıdır. AİF  bildirir ki,  baş  verənlər son bir  neçə ildə Azərbaycan İnternetində nəzərəçarpacaq dərəcədə güclənmən  keyfiyyət  və kəmiyyət  dəyişikliklərinə ciddi zərbə vurur.

AİF bir  daha bəyan edir ki, məhkəmənin qərarı olmadan belə addım  atılması ciddi qanun pozuntusudur və ölkədə informasiya azadlığına, habelə ifadə azadlığına və internet azadlığına ciddi zərbədir. Bu addım, Azərbaycanın Avropa Şurasına üzv olarkən qəbul edərək ölkədə birbaşa hüquqi qüvvəsi olduğunu bəyan etdiyi Avropa İnsan hüquqları konvensiyasına da zidd addımdır və qərb dəyərlərindən, demokratiyadan uzaqlaşmaq istiqamətində ciddi olaraq  yanlış bir addımdır.

 

AİF

www.aif.az

492-44-44