30.06.2011

Azərbaycan İnternet Forumunun
Məlumatı
 

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində AİF tərəfindən “Azərbaycan İnterneti beynəlxalq kütləvi tədbirlərə hazırdırmı?” mövzusunda  Dəyirmi Masa keçirilib.

Tədbirdə  AİF prezidenti Osman Gündüz 2012-ci ildə  “Eurovision–2012”  beynəlxalq tədbirinin Azərbaycanda  keçiriləcəyini diqqətə çatdırıb. Tədbirin məqsədinin də əsasən bununla bağlı olduğunu, “Eurovision 2012” keçirilən ərəfədə ölkə İnternetində yarana biləcək problemlər və onların həlli yolları haqqında müvafiq qurumları və ictimaiyyəti məlumatlandırmaqdan ibarət olduğu  bildirilib.

 Dəyirmi Masada AİF presidenti Osman Gündüz və İdarə Heyətinin üzvü Rüstəm Əliyev mövzu ilə bağlı təqdimat ediblər.  Təqdimatda AİF ekspertlərinin yerli və qlobal şəbəkədə bu istiqamətdə mövcud vəziyyətin təhlilindən sonra gəldiyi  nəticələr öz əksini tapıb. Xüsusilərdə adı çəkilən tədbir keçirilən ərəfədə Azərbaycan İnternetinin kontent və texniki-texnoloji vəziyyətinin mühüm əhəmiyyət kəsb edəcəyi bildirilib. Həmçinin Azərbaycan və  Bakı ilə bağlı Global (Wikipedia, Youtube və s) və milli resurslarda  informasiya ehtiyatlarının yetərli olmadığı qeyd olunub.  Turizm və informasiya yönümlü resursların yetərli olmaması, mövcud resursların zəif olması da vurğulanıb. Təqdimatda xüsusilə ölkə internetinin keyfiyyətsizliyi və Milli internet resursların kütləvi ziyarət üçün hazır olmadığı və texniki dayanıqsızlığı diqqətə çatdırılıb. Mobil internetin ələ çatımlığının ,tədbir ərəfəsində ictimai Wi-Fi şəbəkəsinin yaradılmasının  vacibliyi  qeyd olunub. Müxtəlif dillərdəki mühüm milli  informasiya resurslarına  dəstək verilməsinin vacibliyi  qeyd olunub.
Online ödəniş sistemləri və milli naviqasiya sistemlərinin tələblərə cavab vermədiyi  diqqətə çatdırılıb.



Tədbirdə iştirak edən aidiyyatı şəxslər mövzu ətrafında  çıxışlar ediblər.  AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Qabil Abbasov, RİTN –nin nümayəndəsi Kamal Məmmədov,  BTRİB –in nümayəndəsi Elman Qədirov,  İREX- in nümayəndəsi Mürsəl Əliyev, Sahil şirkətinin direktoru Vahid Qasımov, AİF üzvləri Şaiq MuradovRəşad Əliyev, Azerfon şirkətinin meneceri Elşad Fərzəliyev, blogger Rüfət Əhmədzadə, Xəbərlər.az in redaktoru Bəhram Həsənov və başqaları çıxış edərək müzakirə olunan məsələnin mühüm əhəmiyyət  kəsb etdiyini bildiriblər. Çıxış edənlər təkliflərə münasibətlərini açıqlayaraq bu istiqamətdə səmərəli təkliflər irəli sürüblər. Çıxışlarda bu istiqamətdə müəyyən işlərin görüldüyü qeyd edilməklə bərabər ciddi problemlərin də olduğu bildirilib. Bununla belə çıxışlarda mövcud olan və gözlənilən problemlərin aradan qaldırılması üçün dövlət, özəl və vətəndaş cəmiyyətinin birgə səylərinin gücləndirilməsinin vacibliyi vurğulanıb.

Tədbirin sonunda müzakirə prosesində irəli sürülən Təkliflərin ümumiləşdirilərək hökumətə və “Eurovision–2012” nin keçirilməsi ilə bağlı yaradılan Təşkilat Komitəsinə təqdim ediləcəyi bildirilib.

Dəyirmi Masada  hökumət qurumlarının nümayəndələri, müstəqil ekspertlər, özəl və ictimai sektorun təmsilçiləri, beynəlxalq  təşkilatların  nümayəndələri  iştirak edib.   

AİF
492 44 44
informasiya@gmail.com