Uşaq xəstəxanasının, məktəblərin üzərində mobil ötürücülər
Osman Gündüz: “Mədəni ölkələrdə belə əmələ görə mobil operatoru sürgün edərlər”


Belçikada bir qrup pediatr- alim 16 yaşına çatmamış uşaqların mobil telefondan istifadəsinə qadağa qoymağa çağırış kampaniyasına başlayıb. “Radiasiyanın qarşısını alın” mövzusunda keçirilən kampaniyanın təşkilatçıları naqilsiz telefonların və səs ötürücülərinin uşaq orqanizmi üçün həddən artıq təhlükəli olduğu qənaətindədirlər. Həkimlər körpə uşaqlara oyuncaq kimi mobil telefonların verilməsini daha böyük təhlükə mənbəyi hesab ediblər.

   Kampaniyaya rəhbərlik edən Flaman Universitetinin alimi Mişel Verbovenin sözlərinə görə, mobil telefonlar uşaqların sinir sisteminə mənfi təsir göstərir, beyində tormozlanma və qan dövranının pozulması, əqli çatışmazlıq, yuxusuzluq və digər psixi xəstəliklər yaradır. Professor Moulin isə bildirib ki, uşaqların cib telefonundan istifadə etməsi onların əqli inkişafının və nitqinin korlanmasına səbəb olur.

   Hazırda uşaqların mobil telefondan istifadə edilməsi ilə bağlı hər cür tibbi-sanitar normaların pozulduğu ölkələr içərisində Azərbaycan öncül mövqelərdən birini tutur. Azərbaycanda mobil rabitə bazarı yalnız telefon satışından və onun istehlakından əldə olunan gəlirdən ibarətdir. Ancaq burada tibbi və hüquqi normalara əməl edilməsi, istehlakçı hüquqlarının müdafiəsi, xüsusilə də mobil telefon istifadəçilərinin sağlamlığının müdafiəsi sahəsində kifayət qədər problem mövcuddur. Yetkinlik yaşına çatmayan uşaqların mobil telefondan istifadə etməsinə qadağa qoyulması barədə KİV-də dəfələrlə müzakirələr açılsa da, heç bir dəyişiklik baş verməyib. Xüsusilə də şəhər məktəblərində elə bir şagird tapmaq çətindir ki, onun mobil telefonu olmasın. Bu isə onların diqqətinin dərsdən yayınmasına və yaşına uyğun olmayan parnoqrafik videogörüntülərə baxmasına səbəb olur. Ən acınacaqlısı mobil rabitənin uşaqların səhhətinə vurduğu ziyandır. Bir çox ölkələrdə 12 yaşına çatmayan uşaqların mobil telefondan istifadə etməsi qadağan olunsa da, Azərbaycanda bu məsələ həllini tapmamış qalır. Mobil telefon idxalçılarını isə millətin taleyi deyil, pul qazanmaq maraqlandırır. Ancaq Belçika alimlərinin həyəcan təbili çalması Azərbaycanda mobil rabitədən geniş istifadə edən uşaqların hansı təhlükələrlə üzləşdiyini təsdiq edir.

   “Multimedia” İnformasiya Texnologiyaları Mərkəzinin rəhbəri Osman Gündüzün qəzetimizə verdiyi açıqlamaya görə, mobil telefonların insan orqanizminə ziyanlı olması ilə bağlı alimlər arasında fikir ayrılığı mövcuddur: “Bəzi alimlər hesab edirlər ki, mobil rabitənin istifadə müddəti 25-30 il, yəni tam bir insan ömrü qədər istifadə edilmədiyi üçün dəqiq qənaətə gəlmək çətindir. Bu daha çox böyüklərə aiddir. Digər qrup ailmlər isə hesab edirlər ki, ziyanlıdır. Amma uşaqlarla bağlı birmənalı rəy belədir ki, onları mobil telefondan qorumaq lazımdır. Ümumdunya Səhiyyə Təşkilatının da tövsiyəsində bildirilir ki, uşaqlar mobil telefonla çox danışmamalıdır, oyuncaq kimi istifadə etməməlidir. Digər beynəlxalq təşkilatların da tövsiyələrində qeyd edilir ki, uşaqlar daha az təhlükəli mobil telefondan istifadə etməlidirlər. Yəni, telefon aparatında onun şüalanma dərəcəsi göstərilir. Ona SSAR deyilir və insan bədəninə düşən elektromaqnit şüalanmanın həcmini ölçür. Azərbaycanda fərq ondan ibarətdir ki, dünya miqyasında mövcud olan sanitar və etik normalara əməl olunmur. Məsələn, məktəbdə uşağın mobil telefonla danışması etik normaların pozulması deməkdir”.

   Ekspertin fikrincə, sözügedən problemi həll etmək üçün əhali arasında maarifçilik işlərinin aparılmasına ehtiyac var. Osman Gündüzün verdiyi məlumata görə, bir sıra ölkələrdə mobil operatorlar uşaqların cib telefonundan istifadəsinin prosedurları və onların sağlamlığının qorunması ilə bağlı ekoloji, sanitar tədbirlər həyata keçirirlər. Ancaq Azərbaycanda mobil operatorları yalnız gəlir əldə etmək maraqlandırır: “Bizdə isə hətta telefonun reklamında uşaqdan istifadə olunur. Biz də internet forumu olaraq, hökumətə, Ombudsmana və Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdik ki, ”Bakcell" mobil operatoru özünün mobil telefonla bağlı xidmətlərini təklif edərkən uşaqdan istifadə edir. Bundan sonra “Cinbala” reklamını yığışdırdılar. Amma yenə də müşahidə edirik ki, mobil xidmətin reklamında uşaqdan istifadə halları qalır. Halbuki, dünyada, mədəni ölkələrdə belə şey yoxdur".

   Osman Gündüzün açıqlamasına görə, Azərbaycanda insanların, o cümlədən uşaqların sağlamlığı üçün mobil ötürücü stansiyalar daha böyük təhlükə mənbəyi təşkil edir: “Elektromaqnit şüalanması iki nöqtədə həyata keçirilir. Biri telefon aparatında, digəri ötürücü qüllədə. Azərbaycan dünyada yeganə ölkələrdən biridir ki, mobil operatorlar istədikləri yerdə həmin ötürücüləri quraşdırıblar. Onun təsiri mobil telefondan qat-qat təhlükəli və qorxuludur. Hətta uşaq xəstəxanasının üstündə mobil antenna qoyublar. Mədəni ölkədə belə əmələ görə, mobil operatoru sürgün edərlər. Azərbaycanda isə məktəblərin, yaşayış binalarının, şadlıq evlərinin üstündə mobil ötürücü qüllələr yerləşdirilib. Belə qurğuların olduğu yerlərin 30-40 metr məsafəsində yaşayış olmamalıdır. 10-15 il əvvəl inkişaf etmiş, mədəni ölkələrdə insanlar mitinqlərə çıxaraq həmin antennaların yığışdırılmasını tələb etdi. Mobil operatorlar ötürücüləri quraşdırarkən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Ekologiya Nazirliyi və Sanitar Epidemioloji Nəzarət İdarəsindən icazə almalıdırlar. Ona görə də aidiyyatı orqanları bu suala cavab verməlidirlər ki, həmin ötürücülər quraşdırılarkən onlardan icazə alınıbmı və sanitar, ekoloji normalara əməl olunubmu?”

   Səlahiyyətli qurumların mövqeyini öyrənməyə cəhd etsək də, nə Ekologiya Nazirliyi, nə də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən sualımıza cavab verən tapıldı. Sanitar Epidemioloji Nəzarət İdarəsinin rəis müavini Viktor Qasımov isə qısaca olaraq bildirdi ki, mobil ötürücülərin təhlükəlilik dərəcəsi sanitar mühafizə zonasının ölçüsündən asılıdır: “Ola bilsin ki, sanitar mühafizə zonası 30 metrdir. Ona görə də 40 metrdə yaşayışın olmamağını tam iddia etmək düzgün deyil”. Mobil operatorların icazə almasına gəlincə, Viktor Qasımov bu barədə SENİ-nin rəisi Akif Əlibəylinin dəqiq məlumata malik olduğunu dedi. Akif Əlibəylini isə yerində tapmaq mümkün olmadı.
 

GÜN SƏHƏR, 23.01.2008 , Müşfiq Vahidli