ELEKTRON TƏHLÜKƏSİZLİYİ HƏYATA KEÇİRƏN YENİ QURUMA EHTİYAC VARMI?

Azərbaycanda elektron təhlükəsizliyi həyata keçirən dövlət strukturunun yaradılması planlaşdırılır. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib ki, bu qurum elektron şəbəkədə kibercinayətlərin qarşısını almaq, eləcə də Azərbaycanın internet məkanına nəzarət etmək imkanlarına malik olacaq. APA-nın məlumatına görə, nazir bildirib: «Dağlıq Qarabağ çox ölkənin internet resurslarında, internet saytlarında müstəqil ölkə və ya Ermənistanın tərkib hissəsi kimi göstərilir. Ölkədə elektron sənədləşmənin tətbiqi genişləndikcə müəyyən cinayət elementləri də artmağa başlayıb. Bu, Cinayət Məcəlləsinə və digər qanunlara dəyişikliklərin edilməsini şərtləndirir. Yaradılacaq struktur bu kimi məsələlərə də nəzarət edəcək».

Nazir qeyd edib ki, belə bir strukturun yaradılması və fəaliyyəti «Kibercinayətkarlıq haqqında» beynəlxalq konvensiyada da əksini tapdığından internet üzərində senzura sayıla bilməz. 

Məsələ ilə bağlı «Media forum» saytı Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzə və «Day.Az» saytının baş redaktoru Elnur Baimova müraciət edib.

O.Gündüz deyib ki, «Kibercinayətkarlıq haqqında» beynəlxalq konvensiyada belə bir qurumun yaradılması nəzərdə tutulmur, əksinə, orda başqa tələblər irəli sürülür: «Bizdə artıq bu istiqamətdə formalaşan strukturlar var. Birincisi, Dövlət Xüsusi Mühafizə İdarəsi prezidentin sərəncamı ilə dövlət orqanlarının internet resurslarının təhlükəsizliyinə cavab verir. İkincisi, Milli Təhlükəsizlik Nazirliyinin milli internet resurslarının təhlükəsizliyi ilə bağlı müəyyən tədbirləri həyata keçirmək səlahiyyəti var. Üçüncüsü, yaxınlarda Daxili İşlər Nazirliyinin nəzdində kibercinayətkarlığa qarşı mübarizə ilə bağlı baş dövlət qurumu yaradılıb. Əslində düşünürəm ki, bu, bizim qanunvericilik nöqteyi-nəzərindən Daxili İşlər Nazirliyinin yox, daha çox Milli Təhlükəsizlik Nazirliyinin və Dövlət Xüsusi Mühafizə İdarəsinin səlahiyyətinə aid məsələlərdir. Qeyd edim ki, Dövlət Xüsusi Mühafizə İdarəsinin tərkibində internet resurslarının təhlükəsizliyinə cavab verən bir qurum var. Ona görə hesab edirəm ki, yenidən bir dövlət qurumunun yaradılmasına ehtiyac yoxdur. Çünki kibercinayətkarlıq artıq cinayət xarakterli bir hərəkətdir. Belə hərəkətin qarşısını almaq üçün isə hüquq-mühafizə orqanları, Milli Təhlükəsizlik Nazirliyi konkret addımlar ata bilər. Bu problemin texniki-texnoloji tərəflərindən söhbət gedirsə, Dövlət Xüsusi Mühafizə İdarəsinin nəzdindəki qurum bununla məşğul ola bilər».

E.Baimov isə elektron təhlükəsizliyi həyata keçirən yeni dövlət strukturunun yaradılması yaradılmasını zəruri hesab edir: «Nazir Əli Abbasov dediyi kimi, həmin qurum Dağlıq Qarabağla bağlı Azərbaycanın əleyhinə yönəlmiş faktları araşdırıb belə hallara qarşı mübarizə aparacaq. Məncə, belə bir qurum yaradılsa, onun Azərbaycandakı internet resurslarının fəaliyyətinə mənfi təsiri olmayacaq. Digər tərəfdən, yeni qurum texniki cəhətdən təhlükəsizliklə məşğul olacaqsa, bunu da alqışlamaq lazımdır. Azərbaycanda artıq internetdən biznes kimi istifadə edən şirkətlər var və hakerlər vaxtaşırı onların saytlarını dağıdır. Yeni yaradılacaq texniki qurum digər dövlət orqanlarının nəzdindəki müvafiq qurumlarla birgə işləyib hakerlərə qarşı mübarizə aparacaqsa, bunu yalnız alqışlamaq lazımdır».
 

«Media forum»