INTERNET FORUM RABİTƏ VƏ İNFORMASİYA TEXNOLOGİYALARI NAZİRLİYİNİN FUNKSİYALARININ MƏHDUDLAŞDIRILMASINI İSTƏYİR

27 fevralda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) "AzEuroTel" Britaniya-Azərbaycan telekommunikasiya birgə müəssisəsinin peyk terminalının işini dayandıranda telekommunikasiya sahəsində dövlət inhisarçılığından imtinanın aktuallığı bir daha aydın göründü.
RİTN-nin funksiyalarının məhdudlaşdırılması təşəbbüsü ilə artıq Azərbaycan İnternet Forumu çıxış edir.

“Sizi belə bir təşəbbüs göstərməyə nə vadar etdi və təkliflərinizin təməlində hansı ideyalar durur?” sualına AİF-in prezidenti Osman Gündüz belə cavab verdi:
    - Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə "AzEuroTel" Britaniya-Azərbaycan telekommunikasiya birgə müəssisəsinin arasında hay-küylü münaqişənin səbəbi - bu, 30 bankın və başqa korporatib müştərinin peyk rabitəsinin bağlanması ilə nəticələnmişdi - RİTN-nin rabitə sferası üzərində inhisarçılığı idi. Eyni zamanda sön dövrlərdə ölkənin İKT sektorunda baş verən hadisələr - İnterenet bazarındakı bahaçılıq və keyfiyyətsiz xidmətin qarşısının alınmaması, mobil bazardakı vəziyyət , operatorlar arasındakı problemlərin getdikcə artmçası, sərbəst və azad rəqabətin çətin inkişafı RİTN -nin hədsiz dərəcədə geniş səlahiyyətlərə malik olmasındadır. Nazirlik öz əlində üç vacib funksiyanı cəmləşdirib: dövlət idarəçiliyi, tənzimləmə və kommersiya fəaliyyəti Dövlət idarəçiliyi və tənzimləmənin bir əldə cəmləşərək ifrat dərəcədə dövlət inhisarçılığında olması təkcə Rusiya, Belarus və Türkmənistanda, və Azərbaycanda saxlanılıb.
    Bütün Avropa ölkələri 1998-2000-ci illərdə bu üç funksiyanı bölüblər. Nəticədə azad rəqabət zonası yaranıb. Bu isə qısa müddətdə qiymətlərin kəskin şəkildə düşməsinə və istifadəçilərə yeni xidmət çeşidləri, o cümlədən IP-telefoniya təklif edilməsinə gətirib çıxarıb. Bu islahatlardan sonra , 2000-2001-ci illərdə AB ölkələrində şanvari rabitə üzrə qiymətlər 10 dəqiqə üçün 2,05€, Gürcüstanda daha ucuz - 10 dəqiqə 1,05€ idi. Nəticə olaraq AB ölkələrində sabit və mobil telefonların sayı kəskin şəkildə artdı. Hər 100 nəfərə 70-80 aparat düşdü. Həmçinin IP-telefoniya qiymətləri də ucuzlaşdı. Biz isə fəxr edirik ki, Azərbaycanda 100 adama 14 - 15 sabit telefon düşür.
    Bu gün Moldovada 22 beynəlxalq operator var, halbuki bizdə təkcə "Aztelekom" İB-dir. Bu ölkədə 15 IP-operator var, bizdə isə biri də yoxdur.
    AB ölkələrində İnternet artıq yüksək sürətlidir, bizsə 95 % istifadəçi “Dial-up”dan istifadə edirik. Bu gün Estoniyada 135, Latviyada 130, Litvada 100 İnternet servis provayderi var. (Internet Service Provider (ISP)).
    Baltikyanı ölkələr telekommunikasiya sektorunda Müstəqil Tənzimləyici Qurumun yaradılması sahəsində AB yolu ilə getdilər (2000-ci iləcən). Gürcüstan (2002-ci iləcən), Ukrayna (2004-2005-ci illərdə), Moldova (2003-cü iləcən) da eləcə. Hətta Ermənistan dövlət inhisarçısının funksiyalarının məhdudlaşdırılması yolunu seçdi.Bizdə isə “Telekommunikasiyalar haqqında” qanuna əsasən, 2004-cü ildən bütün funksiyalar istisnasız olaraq RİTN-nin əlində cəmləşdirilib.
    Ona görə biz Milli Telekommunikasiya Şurası (MTŞ) yaradılmasını və kommersiya funksiyalarının RİTN-nin əlindən alınmasını, nazirliyin bir sıra funksiyalarının Şuraya verilməsini, bunun üçün qanunvericilikdə müvafiq dəyişikliklər edilməsini təklif edirik.

    - Tənzimləyici orqan kimi MTŞ-na hansı funksiyalar verilməlidir?
    - Telekommunikasiya xidmətlərinin lisenziyalaşdırılması; istehlakçıların hüquqlarının müdafiəsi; telekommunikasiya bazarına nəzarət (dövlət strukturlarının operatorların fəaliyyətinə qarışmasının qarşısının alınması); rabitə xidmətləri üçün tariflərin təklifi və telekommunikasiya şəbəklərinin arabağlantısı; operatorlar və provayderlər arasında şəbəkələrin qarşılıqlı əlaqəsi üzrə mübahisələrin məhkəməyə qədər həlli; nömrə resurslarının paylanması və s.

    - RİTN idarəedici orqan kimi hansı funksiyaları saxlamalıdır?
    - Telekommunikasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi; radiotezlik spektrinin istifadəsi; qanunvericilik və normativ aktların hazırlanması; telekommunikasiya şəbəkələrinin və xidmətlərinin inkişafının proqnozlaşdırılması.

    - Yəqin ki, RİTN müəssisələrinin mülkiyyət formasının dəyişdirilməsi də təklif edilir. Bəlli olduğu kimi, onların bir çoxu 2001-ci ilin martından Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə verilib və özəlləşdirmə üçün açıqdır. Amma bu günəcən onlar səhmləşdirilməyib.
    - Yəqin söhbət əsas subyektlər olan "Aztelekom” İB, BTRİB, Azteleradio İB və s.-dən gedir. Təbii ki, onlar ilkin mərhələdə səhmləşdirilməli, sonra özəlləşdirilməlidir. Hətta düşünürəm ki, bu məsələ ölkə üçün kifayət qədər əhəmiyyət kəsb etdiyindən bu qurumların özəlləşdirilnməsi ilə bağlı xüsusi prezident Fərmanına ehtiyac var.
    - Amma məsələ burasındadır ki, "AZERIN" MMC, "AzEuroTel" İB, AdaNet müəssisələrinin indiyədək özəlləşdirilməməsi də xeyli təəccüb doğurur. Bu proseslərin ləngidilməsi isə sonda   bu bazarda sərbəst və azad rəqabətin inkişafının qarşısını alır.

    - Bəs MTŞ-na kim nəzarət etməli və hesabat verməlidir, onun statusu necə olacaq, bu orqanın müstəqilliyinin əsasında nə duracaq?
    - Fikrimizcə bununla bağlı artıq mövcud olan dünya təcrübəsindən istifadə etmək faydalı olardı. Müxtəlif ölkələrdə müxtəlif formalar təqdim olunub. Əsas odur ki, idarəetmə ilə, bazarda operatorlar arasında münasibətlərin tənzimlənməsi məsələsi bir birindən ayrılıb. Düşünürük ki, MTŞ müstəqil qurum olmalıdır. Müstəqil maliyyələşməyə malik olması isə daha düzgün addım olardı ki, bu problem də bir sıra ölkələrdə operatorlar tərəfindən bu quruma edilən müəyyən ödəmələr vasitəsilə həll olunub.

    -Onun tərkibi necə olmalıdır, kimim təqdimatı ilə kim təyin edəcək?
    - Azərbaycan bazarı kifayət qədər balaca olduğundan MTŞ-nın tərkibində telekommunikasia və İT sahəsinin peşəkarlarından ibarət təxminən 9-13 nəfər olması kifayət edərdi. Fikrimizcə onların nazmizədliyi prezident tərəfindən irəli sürülməsi və parlament tərəfindən təsdiq edilməsi məqsədəuyğun olardı.

    - MTŞ-nın üzvləri hansı hallarda azad oluna bilər?
    - Fikrimizcə bunun yalnız məhkəmə qərarı ilə olması daha doğru addım olardı.

    - MTŞ-nın üzvləri rabitə operatorlarının korporativ hüquqlarına sahib ola, telekommunikasiya avadanlığı istehsalçıları ola bilərlərmi, onlardan maliyyə (maddi) haqqı ala, hər hansı vəzifə, o cümlədən ictimai əsaslarla tuta bilərlərmi?
    - Heç vaxt! Maliyyə və ya maddi mükafatlandırmanı yalnız MTŞ ala bilər. Yeri gəlmişkən, Bir daha vurğulamaq istərdim ki, ilkin dövrdə bu qurumun büdcədən maliyyələşməsi mümükündür. Ancaq gələcəkdə bu orqanın büdcədən yox, telekommunikasiya bazarı subyektlərinin ödədiyi pul hesabına maliyyələşməsi onun müstəqilliyi üçün daha düzgün addım olardı .

    - Nazirlər Kabineti MTŞ-nın qərarını ləğv edə bilərmi?
    - MTŞ-nın qərarlarıının ləğv edilməsinin qanunvericilik mexanizmi hazırlana bilər və bu zaman bu orqanın müstəqilliyi məhdudlaşdırılmamalıdır.

    - MTŞ-na qanunla müəyyən edilən hallarda hüquq normalarının icbari şəkildə tətbiq edilməsi səlahiyyətləri verilməlidirmi?
    - Mütləq.
  
  - MTŞ-nın fəaliyyətinin şəffaflığının təmin edilməsi mexanizmi hansılardır?
    - Vaxtaşırı hesabat, kollegiallıq və yığıncaqların açıq keçirilməsi, nömrələrin paylanmasının, lisenziyaların verilməsi və s.-nin istisnasız olaraq müsabiqə yolu ilə verilməsi.--0-

 BAKU/17.03.09/TURAN: