28.04.2010

Azərbaycan İnternet Forumunun
məlumatı

Bu gün Azərbaycan İnternet Forumu mətbuat konfransı keçirib. Mətbuat konfransında AİF və Parketinq.com saytı tərəfindən birlikdə həyata  keçirilən İnternetin keyfiyyəti ilə bağlı sorğunun nəticələri açıqlanıb.

AİF prezidenti Osman Gündüz ölkədə internetin keyfiyyəti  məsələsinin cari ildə AİF tərəfindən prioritet kimi qəbul edildiyini bildirib. Bu istiqamətdə AİF tərəfindən təkliflər  paketinin hazırlandığını, sistemli  formada tədbirlərin həyata keçiriləcəyini  qeyd edib. Artıq bununla  bağlı zəruri informasiyaların açıqlanması məqsədilə  RİTN və Delta Telekom şirkətlərinə də rəsmi sorğuların göndərildiyi vurğulanıb. AİF prezidenti həyata keçirilən sorğunun da məhz ölkə internetindəki real vəziyyəti aşkara çıxarmaq , mövcud vəziyyət və keyfiyyətin yaxşılaşdırılması istiqamətində atılacaq addımlarla ictimaiyyəti tanış etməkdən ibarət olduğunu qeyd edib

AİF üzvü, Parketinq.com saytının rəhbəri İlqar Mirzə keçirilən sorğunun  nəticələri ilə ətraflı şəkildə media iştirakçılarını  tanış edib.  O, 400 ADSL istifadəçi arasında keçirilən sorğuinun nəticələri haqqında aşağıdakıları açıqlayıb.

Sorğuda iştirak edən ADSL istifadəçiləri Bakı şəhəri üzrə -82%, Sumqayıt - 7%, Xırdalan – 3% və digər regionlar üzrə 7% olub. Sorğuda iştirak edənlərin çox hissəsi - 20% Bakinternet in müştərisi olub, Connect (17%), Uninet-Stream (16%), Azeronline (14%), Ultel (8%) və Aztelekom (7%) olub.

Respondentlərin 20,8%-i göstərilən xidmətdən razı olduğunu bildirib. Rəyi soruşulanların 44,5%-i İnternet əldə etməklə bağlı hansısa formada problemlərlə üzləşdiyini, 34,7% isə ADSL xidmətdən qətiyyən razı qalmadığını qeyd edib. Xidmətindən ən çox narazılıq olan provayderlər Bakinternet (müştərilərinin 47% tam olaraq narazıdırlar), Aztelekom (45%) və Ultel-dir (39%). Ən pis vəziyyət Aztelekom-da müşahidə olunmuşdur – sorğunun nəticələrinə görə, bu provayderdə razı abonentlərin faizi 0-a bərabərdir.
Razı abonentlərin sayı isə Superonline və Azeronline müştəri arasında nisbətən daha çoxdur.

Sorğuda iştirak edənlərin 57%-i müqavilədə nəzərdə tutulan İnternet sürətini almadığını, 51%-i qoşulmanın tez-tez qırıldığını, 36%-i qiymətin bahalılığını, 31%-i isə müştəri xidmətlərinin və texniki dəstəyin aşağı səviyyədə olmasını bildirib. Bütün provayderlərdə qırılmalardan şikayət yüksək olsa da, ən yüksək faiz Bakinternet, Connect, Ultel və Dataplus provayderlərində müşahidə olunub. Razılaşdırılmış sürəti almadığından isə ən çox Aztelekom (70%), Uninet-Stream (62%), Azeronline (62%) və Bakinternet (61%) abonentləri şikayət edirlər.

Sorğunun nəticələrinə əsasən müştəri xidmətlərinin ən aşağı səviyyəsi Bakinternet (46% narazı), Ultel, Aztelekom, və Dataplus-dadır. Nisbətən yaxşı müştəri xidmətləri isə Azeronline və Superonline-da müşahidə olunmuşdur.

Ümumi olaraq, ADSL xidmətinə qoşulma müraciətlərinin provayder tərəfindən icrasından müştərilərin 15% narazıdır. Bu məsələdə ən az şikayət dövlət provayderlərində - Aztelekom və Bakinternetdə, həmçinin Ultel və Uninet-Stream-dədir. Gec qoşulmadan ən çox şikayətlənən Superonline və Dataplus istifadəçiləridir.

Provayderlərin hansı parametrlərinə görə seçilməsi sualında respondentlərin 26%-i seçimin olmaması ucbatından istifadə etdiyi provayderi seçdiyini bildirir. Sorğuda iştirak edən Dataplus müştərilərinin 63%-i, Aztelekom müştərilərinin 59%-i, Bakinternet müştərilərinin 49% və Ultel müştərilərinin 36% -i bu provayderi alternativ seçimləri olmadığı üçün seçdiklərini qeyd ediblər.

 

AİF
492 44 44
www.aif.az