21. 02 .2008      
                                                                    Multimedia
                                    İnformasiya Sistemləri və Texnologiyaları  
                                                                   Mərkəzinin
      

                                                                   Məlumatı

    21 fevral   2008- ci il  tarixdə  Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi tərəfindən “İctimai informasiyaların əldə olunması: real vəziyyət  və perspektivlər” mövzusunda Dəyirmi Masa keçirilib. Dəyirmi Masada İnformasiya  açıqlığı sahəsində Mərkəzin  EITI  Koalisiyası, Milli  Büdcə Qrupu və Vətəndaş Nəzarəti Şəbəkəsi ilə  birgə həyata keçirdiyi Monitorinqin nəticələri  açıqlanıb.
    Multimedia Mərkəzinin direktoru, Layihənin rəhbəri  Osman Gündüz “İctimai informasiyaların  açıqlanmasının və əldə edilməsinin monitorinqi” Layihəsinin yekunları haqqında məlumat verib. O, 3  istiqamət  üzrə  göndərilən informasiya sorğularının izlənilməsi və  analiz  edilməsi  məqsədilə  beynəlxalq  təşkilatlar  tərəfindən istifadə  edilən informasiya  sisteminin bu  monitorinq  prosesində də  tətbiq  edildiyini  bildirib. İlkin olaraq  informasiya  sisteminə  69 sorğu  haqqında və onların nəticələri haqqında  məlumatların daxil edildiyi ( 60 sorğu dövlət qurumuna, 4 sorğu dövlət  şirkətlərinə və 5 sorğu xarici  neft şirkətlərinə) qeyd edilib və gələcəkdə bu sistemdən daha effektiv istifadə ediləcəyi bildirilib.

    Layihənin eksperti Ələsgər Məmmədli Layihə çərçivəsində  hazırlanan “Neft gəlirləri, büdcə  xərcləri  və neft  gəlirlərinin ətraf mühitə  və sosial  sahəyə  təsirləri sahəsində informasiya açıqlığının  monitorinqinin yekunları haqqında Hesabat”ı təqdim edib. Hesabatda 69 sorğudan yalnız 34-nün ( 49 %) cavablandırıldığı və 35-nin ( 51 %)   4  ay müddətində cavablandırılmadığı  qeyd edilib.  Sorğuların 6%-i qanunla müəyyən olunan vaxtında  cavablandırılmış, 43% sorğu vaxtından xeyli gec cavablandırılmışdır. Cavabsız buraxılan 35 sorğunun 30-unun dövlət qurumuna  və dövlətin təsis etdiyi Şirkətlərə,  5 –nin isə Neft Şirkətlərinə yönəlmiş olduğu bildirilib. 4 aylıq müddət ərzində cavablandırılan 34 sorğudan yalnız 15 sorğunun ( 22%) tam cavablandırıldığı və yetərli  hesab edildiyi  vurğulanıb.
    
Müzakirələrdə ekspertlər Sahib Məmmədov, Qubad İbadoğlu, Azər Həsrət, sabiq  millət  vəkili Rizvan Cəbiyev, Turan İnformasiya  Agentliyinin  direktoru Mehman Əliyev, Media Hüquqları İnstitunun  nümayəndəsi Xaliq  Ağaəliyev, İnformasiya Alyansının nümayəndəsi Nazir Quliyev  və  digərləri  çıxış ediblər.
    Müzakirələrdə ölkədə informasiya  açıqlığı  sahəsində  son  dövrlərdə müəyyən irəliləyişlər olsa da hələlik  bu  sahədə  normal informasiya  mühitinin yaradılmadığı   qeyd olunub. Əksər ictimai informasiya  subyektləri  tərəfindən ictimai informasiyaların açıqlanmasına   ciddi münasibət  bəslənmədiyi  vurğulanıb.  Müzakirələrdə  vətəndaş  cəmiyyətinin  bu istiqamətdəki fəaliyyətinin  daha da  gücləndirilməsi  və İnformasiya Müvəkkili  institutunun formalaşması istiqamətində  səylərinin  artırılması tövsiyə olunub. Əldə olunmuş  nəticələrin  geniş dairələrə  çatdırılmasının  da  vacibliyi  qeyd olunub. .
   
 Dəyirmi Masa  ACİ – Yardım Fondu tərəfindən dəstəklənən “İctimai informasiyaların  açıqlanmasının və əldə edilməsinin monitorinqi” Layihəsi  çərçivəsində həyata keçirilib.
    Geniş məlumat
www.informasiya.org –da  yerləşdirilib.


Multimedia Mərkəzi

Tel: 492 44 44 

www.informasiya.org
info@informasiya.org



 


Copyright © 2001-2008,  Multimedia Center
Send comments and problems to info@cit.az