Osman GÜNDÜZ: «Namizədlərin ictimaiyyətlə əlaqələrə az maraq göstərməsi seçicilərin aktivliyinə təsir göstərir»

Seçki2008.info saytının suallarını «Seçki-2008» QHT Koalisiyasının üzvü, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz cavablandırır

- Osman bəy MSK seçki prosesində məlumatların qəbulu və ötürülməsi prosesinin avtomatlaşdırılması işlərinin əvvəlki seçkilərlə müqayisədə daha təkmil olacağını deyir. Sizcə bu proses necə qurulub?

- Artıq Azərbaycanda keçirilən bir neçə seçkidə informasiya texnologiyaları tətbiq edilib. «Seçkilər» İnformasiya Mərkəzinin bütün ölkə ərazisini əhatə edən şəbəkəsi yaradılıb. Paytaxt da daxil olmaqla dairə seçki komissiyaları kompüterləşdirilib. Məntəqələrdə isə bu proses qismən, pilot seçilmiş məntəqələrdə həyata keçirilib. Fikrimcə, bu sistemin bütün məntəqələrdə qurulması yaxşı olardı. Bu gün səslər məntəqələrdə sayılandan sonra kağız protokol dairə seçki komissiyasına gətirilir və burada kompüterə daxil edilir. Azərbaycanın bütün seçki məntəqələrini kompüterləşdirmək imkanı var. Burada problem şəbəkəyə ictimai nəzarətin təşkili ilə bağlıdır. Protokollardakı məlumatların dairədə kompüterə daxil edilmə prosesi şəffaf və açıq olmalıdır. Bu prosesi müşahidəçilər də izləməlidirlr. Kompüterə məntəqədən gələn məlumat doğrumu daxil edilir? Bunu öyrənmək lazımdır. Analoji problem Ukraynada yaşanmışdı.

- Hazırkı seçkilərin bundan əvvəlkilərlə müqayisəsi nə deməyə əsas verir?

- Əvvəlki seçkilərlə müqayisədə çox dəyişikliklər var. Əvvəllər dairələrdə bu avtomatlaşdırılmış informasiya sistemlərini, kompüterləri işlədə biləcək kadrların yığılmasında ciddi problemlər var idi. Mənim bildiyimə görə, artıq sözügedən problem həllini tapıb. Kompüter şəbəkəsi daha da genişlənib. Xatırladım ki, parlament seçkiləri zamanı Azərbaycan İnternet Forumu MSK-ya mövcud informasiya sisteminin təkmilləşdirilməsi üçün 12 bənddən ibarət təklif göndərmişdi. Bunun bir qismi nəzərə alındı.

- Sizin də təmsil olunduğunuz «Seçki-2008» QHT Koalisiyası seçkiqabağı vəziyyəti öyrənir. Hazırkı vəziyyəti necə qiymətləndirirsiniz?

- Bizim koalisiyanın məqsədi seçicilərin aktivliyini artırmaq, alternativ informasiya mühiti yaratmaqdır. Bu məqsədlə koalisiyamızın saytı fəaliyyət göstərir və bir neçə dəfə ictimai diskusiyalar təşkil etdik. Burada məqsəd bu gün heç də qənaətbəxş olmayan seçki mühitini canlandırmaq, seçicilərin məlumatlılığını və aktivliyini artımaqdır. Amma ötən gün keçirdiyimiz beynəlxalq konfransda prezidentliyə namizədlərdən bəzilərinin konfransı sonuna qalıb sualları cavablandırmağa hövsələsinin çatmadığını gördük.

- Maraqlıdır, seçki ərəfəsi məlumatlandırma işi necə qurulub?

- Mtəəssüflər olsun ki, indiyədək məlumatlandırma işinin təşkili ilə bağlı dövlət çevik və effektiv sistem yarada bilməyib. Namizədlərin televiziya və radio ilə çıxış vaxtları qeyri-dəqiq seçilib. Elementar bir faktı qeyd etmək istəyirəm. Namizədlərin iştirakı ilə İctimai Televiziyada tok-şoular təşkil olunur. Bu tok-şounun efir vaxtı axşam saat 18-19 ərəfəsidir. Həmin vaxt 1 milyondan artıq vətəndaş ya iş yerində, ya da küçələrdə tıxaclarda olur, televizora baxa bilmirlər. Amma onların radioya qulaq asmaq imkanları var. Lakin radioda namizədlərin çıxışları saat 21-də yayımlanır. Nəticədə çıxışlar öz effektliliyini itirir.

- Sizcə bu hansı qurumun günahıdır? MSK-nın, yoxsa İctimai Televiziyanın?

- Əlbəttə MSK bu məsələlərə cavabdehdir və problemi həll etməlidir. Sadaladığım problemlərdən biridir. Digər problem isə dövlət televiziyasının dövlət başçısının tədbirlərini geniş yayımlaması hesab edilə bilər. Hesab edirəm ki, namizədlərə çıxış üçün daha çox vaxt ayırmaq və çıxışları, tok-şouları hamının baxa, dinləyə biləcəyi vaxtda efirə vermək lazımdır. Digər tərəfdən, məlumatlandırmanın təşkili üçün dairə seçki komissiyaları daha çevik yollardan istifadə edə bilərlər. Başqa bir metod kimi seçkilər, namizədlər barədə məlumatların yayımlanmasında mobil telefonlardan istifadənin təşkilidir. Mobil operatorlarla iş apararaq bu məlumatları SMS vasitəsi ilə yaymaq olar. Nəzərə alsaq ki, bu gün Azərbaycanda 5 milyona yaxın mobil rabitə istifadəçisi var, bu tətbiqatın nə dərəcədə effekt doğuracağını düşünmək çətin olmaz. Amma bu vasitədən istifadə edilmir. Əksinə, seçki yaxınlaşanda bütün mobil operatorlar SMS xidmətlərini bağlayır, ya da məhdudlaşdırırlar.

- Hərbi hissələrdəki seçicilərin sayının gizli saxlanması, eləcə də orada səsvermənin müşahidəçilərin iştirakı olmadan keçirilməsi də əsas problem kimi qeyd edilir.

- Əslində qeyd edilən bu məsələ seçkilərin nəticələrinə təsir göstərən əsas problemlərdəndir. Ötən parlament seçkiləri göstərdi ki, bəzi dairələrdə bu metoddan istifadə edərək nəticəyə təsir göstəriblər. Bir sıra ölkələrdə hərbçilərin səsvermə hüququ məhdudlaşdırılıb. Azərbaycanda da belə bir məhdudiyyətin tətbiqi vacibdir.

- Seçkiöncəsi prosesləri izlədikdə adama elə gəlir ki, 2003-cü ildəkindən fərqli olaraq namizədlərin ictimaiyyətlə əlaqələr qurmağa maraq göstərmirlər.

- Biz də bunu müşahidə etmişik. Hesab edirəm ki, bu bəlkə də seçicilərin aktivliyinin az olmasına təsir göstərən birinci amildir. Azərbaycan seçiciləri prezidentliyə namizədlərdən alternativ fikirlər gözləyirlər. Sadəcə bir misal. ABŞ-ın prezidentliyə namizədlərinin debatlarına baxaq. Onlar dünyadakı maliyyə böhranlarını, baş verən müxtəlif hadisələri şərh edir, həlli yollarını göstərirlər. Bizim vətəndaşlar da şübhəsiz ki, namizədlərindən Azərbaycanın bu proseslərdə yeri, böhranın ölkəyə ola biləcək təsirləri və problemdən çıxış yollarına dair dəyərli fikirlər gözləyirlər və s.

- Osman bəy, adınızı seçici siyahısında olub olmadığını müəyyənləşdirmisiniz?

- Bəli.

- Səsvermədə iştirak edəcəksiniz?

- Yəqin ki...

www.secki2008.info