SEÇKİ MƏNTƏQƏLƏRİNDƏ QURAŞDIRILACAQ KAMERALAR KABİNƏLƏRİ ÇƏKMƏYƏCƏK
 

«Mərkəzi Seçki Komissiyasının seçki məntəqələrində vebkameralar yerləşdirməsi analoqu olmayan təcrübə kimi öyrənilə bilər». «Media forum» saytına açıqlamasında MSK katibi Natiq Məmmədov belə deyib.

Katibin sözlərinə görə, seçki məntəqələrində vebkameraların quraşdırılması seçki prosesində aşkarlığın təmin olunması göstəricisidir: «Bu aşkarlıq seçki institutlarının təkmilləşdirilməsi kimi qiymətləndirilməlidir. Biz bununla dünya və ölkə ictimaiyyətinə çatdırmaq istəyirik ki, seçki aşkar və ədalətlidir, namizədlərin mübarizəsi hamının gözü qarşısında keçir. Qoy nəticəni seçicilər özü çıxarsın».

N.Məmmədov deyib ki, yeniliyin tətbiqi seçicilərə həm də heç bir rəsmi müraciət etmədən və səlahiyyət almadan müşahidəçi olmaq imkanı yaradır: «Hər bir seçici MSK-nın rəsmi internet saytına daxil olaraq prosesin gedişini izləyə bilər. Kameralar görüntüləri birbaşa sayta ötürəcək, bura kənar müdaxilə yolverilməzdir. Kameralar əsasən seçki məntəqəsindəki komissiya üzvlərinin fəaliyyəti və bülletenin qutuya salınması prosesini izləyəcək. Səsvermə kabinəsindəki və məntəqədəki digər prosesləri çəkmək qadağandır».

MSK katibinin sözlərinə görə, belədə seçicinin iradəsinə hər hansı bir formada təsir istisna edilir: «Dünyada buna oxşar təcrübədən istifadə edilib. Məsələn, yaxın qonşumuz Gürcüstanda keçirilən seçkilərdə prosesin lentə yazılması təcrübəsi tətbiq olunub. Amma proses məntəqədə lentə yazılaraq saxlanılırdı və ictimailəşdirilmirdi. Yalnız zərurət yaranardısa, ondan istifadə oluna bilərdi. Amma bizdə analoqu olmayan bir təcrübədir – düz 500 məntəqədə vebkameralar quraşdırılacaq».

Azərbaycan İnternet Forumunun rəhbəri, «Seçki 2008» QHT koalisiyasının üzvü Osman Gündüz MSK-nın tətbiq edəcəyi yeniliyi müsbət qiymətləndirir. Onun sözlərinə görə, hazırda bütün dünyada seçki prosesinə informasiya texnologiyalarının tətbiqi prosesi gedir: «Artıq bəzi ölkələrdə internetlə, mobil telefonla səs vermək mümkündür. Azərbaycanın da belə təcrübələrdən yararlanmasına ehtiyac var».

Amma ekspert hesab edir ki, pilot layihə kimi tətbiq olunacaq bu yeniliklə seçkiyə bütünlüklə qiymət vermək düzgün olmaz. O həm də bu vebkameraların ötürəcəyi informasiyadan kimin istifadə edəcəyinə də diqqət yetirilməsinin vacibliyini vurğulayır: «Bir neçə il öncə Ukrayndakı seçkilərdə avtomatlaşdırılmış sistemin tətbiqi ilə bağlı səs-küylü cinayət işi oldu. Məlum oldu ki, regionlardan Kiyevə ötürülən informasiyalar yolda istiqamətini dəyişib prezident aparatına gedirmiş. Bir neçə nəfəri tutdular».

O.Gündüzün fikrincə, yerli icra qurumları vebkameraların ötürdüyü informasiyadan yararlanıb seçicilərə müxtəlif təsirlər edə bilər: «Sən seçkiyə gəldin, sən gəlmədin» deyə bilərlər. Bu işdə şəffaflıq təmin olunmalıdır. Nəzarət güclü olmalıdır ki, kameraların işinə əngəl yaradılmasın. Səslərin sayılması da daxil olmaqla bütün prosesin kameralar vasitəsi ilə qeydə alınması daha yaxşı nəticə verə bilərdi».

 

Prezidentliyə namizəd Qüdrət Həsənquliyev «Media forum»a açıqlamasında MSK-nın bu addımını yüksək qiymətləndirdiyini bildirib. Namizəd hesab edir ki, gələcəkdə ölkədə hər bir seçki məntəqəsində vebkameralar yerləşdirmək lazımdır: «Məncə, bu təcrübə insanların seçkiyə etimadının bərpasına yardım edəcək. 2010-cu ilin parlament seçkilərinə qədər bütün seçki məntəqələrində belə kameraların quraşdırlması təmin olunmalıdır».

İnformasiya texnologiyalarının seçkilərə tətbiqini alqışlayan Q.Həsənquliyev az öncə pilot layihə kimi sınaqdan keçirilən elektron səsvermənin də bütün ölkə üzrə tətbiqinin vacibliyini vurğulayıb.



 

«Media forum