6 yanvar  2003

Press-reliz 

Azərbaycan İnternet Forumunun

açıqlaması 

     

      Son dövrlərdə ölkənin İnformasiya fəzasında bir sıra xoşagəlməz və arzuolunmaz hadisələr baş verməkdədir.

      Son bir il ərzində bir sıra hüquqi və fiziki şəxslərə  məxsus milli İnternet resursları öz internet ünvanları ( domen adları ) ilə fəaliyyətlərinə , yumşaq mənada  xitam verməli olmuşdur. Qeyd olunan informasiya ehtiyatlarının rəsmi internet ünvanı ( domen adı )  xarici ölkələrin internet istifadəçiləri tərəfindən yenidən qeydiyyata alınaraq, həmin ad altında başqa bir saytın fəaliyyəti təmin edilmişdir.

      Ötən ilin sonunda isə ölkənin Milli internet seqmentində olduqca biabırçı və milli informasiya məkanına şərəf gətirməyən daha bir hadisə baş vermişdir.

Ölkədə telekommunikasiya  sahəsində dövlət siyasətini həyata keçirməli olan ,Milli İnternet Operatoru funksiyasını öz üzərinə götürmək iddiasında olan qurumun-Rabitə Nazirliyinin rəsmi İnternet resursu öz yerini xarici ölkələrdən birinə məxsus pornoqrafik bir internet saytına verməli olmuşdur.

      AİF təəssüflə bildirir ki, bəzi hallarda baş verənlərin səbəbləri ilə  bağlı ölkənin bir sıra mətbu orqanlarında yanlış informasiyalar verilib. Səbəb kimi İnternet saytların xarici ölkələrin internet istifadəçiləri tərəfindən dağıdıldığı vurğulanıb.

      AİF,  Qlobal şəbəkədə milli internet resurslarımızın  sıradan çıxarılmasında maraqlı olan qüvvələrin mövcudluğunu istisna etməyərək konkret baş verənlərlə bağlı xarici qüvvələr tərəfindən əslində heç bir məqsədyönlü dağıdılma, hücum əməliyyatının aparılmadığını bildirir.Milli internet resurslarının sahibləri laqeydlik və məsuliyyətsizlik ucbatından , hətta edilmiş xəbərdarlığa baxmayaraq qeydiyyat müddəti başa çatmış domenlərin yenidən qeydiyyatı ilə məşğul olmamışlar. Nəticədə isə sərbəstləşmiş domenlər  qanuni qaydada digər istifadəçilər tərəfindən qeydiyyata alınmışdır.

      Milli informasiya resurslarına, xüsusən dövlətə məxsus informasiya resurslarına laqeyd və sayğısız münasibətin sonda daha  ağır nəticələrə səbəb olacağı şəksizdir.

Bütün baş verənlənlərin ölkənin informasiya təhlükəsizliyi ilə birbaşa bağlı olduğunu əsas tutaraq AİF bir daha  informasiya təhlükəsizliyi sahəsində dövlət siyasətinin müəyyənləşdirilməsini və konkret dövlət qurumunun yaradılmasını zəruri hesab edir.

AİF ölkənin informasiya məkanın digər subyektləri ilə birgə ictimai əsaslarla

Milli İnformasiya Təhlükəsizliyi Mərkəzinin yaradılmasını  da məqsədəuyğun hesab edir və özünün ən yaxın toplantısında bu məsələnin müzakirəsini nəzərdə tutur.        

AİF

Tel :   97-32-96

Mobil: 8(50/55) 311 70 45

Veb:   www.aif.az , www.cit.az

Email: info@cit.az

 

 

 


Copyright 2001,  Multimedia Center
Send comments and problems to info@cit.az