11 mart  2003

ABŞ-da BTC ilə bağlı konfrans keçirilib


Xatırladaq ki, martın 2-dən 6-dək “BTC-yə Beynəlxalq İctimai Dəstək Koalisiyası”nın üzvləri - Milli QHT Forumunun prezidenti Azay Quliyev, BTC-yə Beynəlxalq İctimai Dəstək Koalisiyasının rəhbəri Sabit Bağırov və Koalisiyanın İnformasiya Təminatı üzrə İşçi Qrupunun əlaqələndiricisi Osman Qunduzov ABŞ-ın paytaxtı Vaşinqton şəhərində işgüzar səfərdə olublar.


Səfərdə əsas məqsəd Amerikanın Brokinqs İnstitutunun Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi ilə əlaqədar təşkil etdiyi beynəlxalq konfransda iştirak etmək olub. İki gün davam edən konfransda BTC kəməri ətrafında son dövrlər yaranmış vəziyyət müzakirə edilib. Tədbirdə Amerika Departamentinin, həmçinin, ABŞ-ın bir sıra nazirlik və departament nümayəndələrinin, xarici ölkə səfirliklərinin, beynəlxalq maliyyə institutlarının və beynəlxalq ictimai qurumların, həmçinin, BP rəhbərliyinin nümayəndələri ilə yanaşı kəmərin tikintisinin əleyhinə olan ictimai qurumların nümayəndələri də iştirak edib. Konfransda iştirak edən Azay Quliyev bizimlə söhbətində keçirdiyi görüşlərin təəssüratlarını bölüşərək səfərin əsas məqsədi kimi BTC-in Azərbaycanın maraqlarına uyğun olaraq ictimaiyyət tərəfindən dəstəklənməsi, eyni zamanda qarşıya çıxan problemlərlə bağlı maraqlı tərəflərlə, xüsusən də BTC-nin əleyhinə olan qurumlarla əməkdaşlığın genişləndirilməsi bildirdi.
Martın 4-də nümayəndə heyətinin üzvləri BP-nin Amerika ofisinin rəhbərləri - beynəlxalq əlaqələr üzrə direktoru Riçard Herold, xarici işlər üzrə vitse-prezident Cey Person və Regional məsələlər üzrə direktoru Barri Xeltonla görüş keçiriblər. Görüşdə beynəlxalq ictimaiyyət arasında kəmərlə bağlı yaranmış rəylər ətrafında müzakirələr aparılıb. Sonda nümayəndə heyətinin üzvləri BTC ətrafında şəffaf informasiya mühitinin yaradılmasının və monitorinqlərin aparılmasının vacibliyini vurğulayıblar.
Həmin gün nümayəndə heyətinin üzvləri Senator Sam Brovnbakın köməkçisi Tomas Bredi ilə də görüş keçiriblər. Görüşdə nümayəndə heyətinin üzvləri T.Brediyə BTC və Azərbaycanda vətəndaş cəmiyyətinin qurulması istiqamətində mövcud durumla bağlı məlumat veriblər.
Martın 4-ü və 5-də isə dünyada neft kəmərləri ətrafında geniş informasiya bankına malik olan və bu istiqamətdə ictimai nəzarət təcrübəsi olan “Bank İnformasiya Mərkəzi” təşkilatının rəhbərləri Orexam Sauil və Karen Deqker ilə görüşlər keçirilib. Gürcüstanın ictimai qurumlarının nümayəndələrinin də iştirak etdiyi bu görüşlərdə BTC ətrafında yaranmış ictimai fikirlərlə əlaqədar müzakirələr aparılıb, informasiya mübariləsi və monitorinqlərin təşkili istiqamətində əməkdaşlıqla bağlı ümumi razılıq əldə edilib.
MQF-nin prezidenti Azay Quliyev söhbət əsnasında onu da xatırlatdı ki, nümayəndə heyəti martın 5-də Dünya Bankının rəhbərliyi, o cümlədən, Azərbaycan, Qırğızıstan, Polşa, İsveç, Tacikistan, Türkmənistan, Özbəkistan və Yuqoslaviya üzrə əlaqələndirici direktor Pietro Veclio ilə görüş keçirib. Görüşdə BTC ilə bağlı beynəlxalq ictimaiyyət arasında yaranmış durum müzakirə edilib. Koalisiya nümayəndələrinin çıxışlarında BTC-nin ciddi əhəmiyyət kəsb etdiyi xüsusi olaraq vurğulanıb, bu prosesdə monitorinqlərin və şəffaflığın təşkilinin zəruriliyi, eyni zamanda Dünya Bankı tərəfindən həyata keçirilən layihələrdə şəffaflığın təmin edilməsi və QHT-lərin həmin layihələrdə iştirakının vacibliyi kimi məsələlərə də diqqət yetirilib.
Bununla yanaşı, martın 6-da nümayəndə heyətinin üzvləri ABŞ departamentinin nümayəndəsi, səfir Steven Mann ilə görüş keçirib. Görüşdə BTC, Neft Fondunun fəaliyyətində və gəlirlərdən istifadə sahəsində şəffaflığın təmin edilməsi müzakirə edilib. S.Mannla keçirilən görüşdə Azərbaycanın ABŞ-dakı səfirliyinin əməkdaşı Elçin Bəşirov və Azərbaycan-Amerika Şurasının rəhbəri Ceyhun Mollazadə də iştirak edib.
Həmin gün nümayəndə heyətinin üzvləri USAİD Beynəlxalq təşkilatının nümayəndələri ilə də görüşüblər. Görüşdə Azərbaycanda vətəndaş cəmiyyətinin qurulması ilə bağlı problemlər müzakirə edilib. Eyni zamanda nümayəndə heyəti ABŞ-ın Maliyyə Nazirliyinin Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya üzrə rəsmi nümayəndəsi Jefferi Beyker, konqresmen Robert Vexlerin köməkçisi xanım Halle Soyfer və Nümayəndələr Palatasının Beynəlxalq Əlaqələr Komitəsinin üzvü Duqlas Seay ilə də görüşüblər.
Xatırladaq ki, “BTC-yə Beynəlxalq İctimai Dəstək Koalisiyası”nın üzvləri işgüzar səfər çərçivəsində sonuncu görüş olaraq martın 6-da BTC əleyhinə olan qüvvələr arasında aparıcı mövqeyə malik “Yer kürəsinin Dostları” təşkilatının Baş Direktoru xanım Karol Velc ilə görüş keçiriblər. Görüşdə mövcud məsələlər bir daha müzakirə olunub.
Keçirilən bütün görüşlərə yekun fikir olaraq MQF-nin prezidenti A.Quliyev bildirdi ki, “Azərbaycan qeyri-hökumət təşkilatlarının, demək olar ki, 99 faizi BTC neft kəmərini dəstəklədi. Eyni zamanda bizim keçirilən görüşlərdə əsas mövqeyimiz BTC neft kəməri ilə əlaqədar bəzi dairələrdə yaradılmış qeyri-obyektiv fikir və tərəddüdlərin aradan qaldırılması və BTC-nin maliyyələşdirilməsinin gecikdirilməməsidir.
Sonda A.Quliyev xatırlatdı ki, “BTC-yə Beynəlxalq İctimai Dəstək Koalisiyası”nın təqdimatı ardıcıl olaraq yaxın günlərdə Tbilisidə, Ankarada, Bakıda reallaşdırılacaq. Həmçinin, bununla əlaqədar diskussiyalar, dəyirmi masalar keçiriləcək. Xatırladaq ki, yekun olaraq hər üç dövlətdən nümayəndə heyəti iştirak etmək şərtilə Londonda “Yekun toplantı”nın keçirilməsi nəzərdə tutulub.

 


Copyright © 2001,  Multimedia Center
Send comments and problems to info@cit.az