12 oktyabr 2003

 

Azərbaycan İnternet Forumunun

açıqlaması

 

       15 oktyabr prezident seçkiləri ilə bağlı  ölkədə son dövrlərdə əhalinin ictimai-siyasi fəallığı xeyli yüksəlmişdir. Adi dövrlərdən fərqli olaraq əhalinin xeyli hissəsi müxtəlif kütləvi tədbirlərdə iştirak edirlər. Təbii ki, bu cür tədbirlərdə zəruri informasiya mübadiləsi vasitələrindən birisi də mobil rabitədir. Təəssüf ki, heç də həmişə bu cür tədbirlərdə mobil rabitə abunəçilərinə keyfiyyətli xidmət göstərilmir. 

       Son bir neçə gün ərzində keçirilən kütləvi tədbirlərdə isə Azercell BM-in müştərilərinin ümumiyyətlə mobil rabitə xidmətindən istifadə etməsi qeyri-mümkün olub . Konkret zona daxilindә eyni zaman anında mobil telefonlardan istifadә edәnlәrin sayının çoxluğu hәmin zonaya xidmәt edәn,  yetərli və güvənli olmayan Baza stansiyasının işini iflic edib . Nəticədə isə müqavilə əsasında 24 saat keyfiyyətli xidmət almalı olan abunəçi bundan məhrum olub.

     “Hər şey abunəçi üçün” şüarını özünə deviz seçən bir Şirkətin mobil telefon rabitəsindən fasiləsiz və səmərəli istifadəni təşkil edə bilməməsi təəssüf doğurur.

Digər prezidentliyə namizədlərin kütləvi tədbirlərində, həmçinin konsert-şoularda keyfiyyətli mobil rabitə xidməti üçün əlavə mobil Antennalardan ( daşınan Mobil baza stansiyalarından ) istifadə edən Azercell şirkətinin qeyd olunan tədbirlərdə bu cür vasitələrdən istifadə etməməsi  müştərilərə qarşı ayrı-seçkilik siyasəti yürütməsi kimi dəyərləndirilməlidir. Eyni zamanda qeyd edilməlidir ki, bu cür tədbirlərdə hökumət tərəfindən  informasiya sahəsində vətəndaşların konstitusiya hüquqlarının həyata keçirilməsi üçün şərait yaradılmır. Belə ki,  yalnız həmin ərazidə kütləvi tədbirlər keçirməyi məqsədəuyğun hesab edən  hökumət  həmin əhatə dairəsi daxilində normal mobil rabitə üçün zəruri olan düzgün Baza stansiyası sisteminin qurulmasına da  diqqət yetirməli idi.

      AİF təəssüflə bildirir ki, mobil rabitə sahəsində  hökumətin düzgün olmayan siyasəti

nəticəsində inhisarçı bir vəziyyət yaranıb. Ayrı-ayrı ölkələrlə müqayisədə Azərbaycanda mobil rabitə tarifləri yüksəkdir.Bir sıra dövlət qurumları tərəfindən bu inhisarçılığın qarşısının alınmasına cəhdlər göstərilsə də indiyəıdık bu bir nəticə verməyib. Üçüncü mobil rabitə şirkətinin Azərbaycana gəlməsi üçün şərait yaradılmır.

     AİF mobil rabitə sahəsində azad rəqabətin üçün şəraitin yaradılmasını , inhisarçı şirkətlər üçün qanuna müvafiq tədbirlər görməyi, düzgün taarif siyasəıti aparılmasını zəruri hesab edir. AİF  Mobil rabitə operatorlarını , 24 saat ərzində keyfiyyətli rabitə xidməti gostərmələri barədə götürdükləri öhdəliyə əməl etməyə, abunəçilərə qarşı ayrı-seçkilik siyasəti aparmamağa çağırır.

 

Osman Gunduz

Azərbaycan İnternet Forumunun

prezidenti

92-44-44

www.aif.az

Email: info@cit.az